Zaqatalada üç nəfər naməlum şəraitdə bıçaqlanıb
Zaqatala rayonunun üç sakini naməlum şəraitdə bıçaqlanıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 5-i, axşam saatlarında rayonun Kebeloba kənd sakinləri, 18 yaşlı Zəngiyev Süleyman Rauf oğlu, 26 yaşlı Bölöyev Həbib Rəşid oğlu və rayonun Car kənd sakini Abdullayev Aydın Məhərrəm oğlu bədənlərinin kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxananın qəbul şöbəsinə daxil olublar.
Bədənin sağ kürək nahiyyəsindən daxilə nüfuz edən iki kəsilmiş və deşilmiş bıçaq xəsarəti alan Süleyman Zəngiyevin üzərində əməliyyat aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Süleyman Zəngiyevin vəziyyətinin ağır olduğu bildirilir. Həbib Bölöyevin və Aydın Abdullayevin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Üç nəfərin nəməlum şəraitdə bıçaqlanması faktı ilə bağlı Zaqatala rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, baş vermiş hadisə ilə əlaqədər rayon PŞ-də cinayət işi başlanılıb, zərərçəkənlərin harda və hansı şəraitdə, kim və yaxud kimlər tərəfindən bıçaqlandığı araşdırılır.