"Boko Haram" oğurladığı 200 qızı satışa çıxaracaq
“Əl-Qaidə” terror təşkilatının “Boko Haram” qruplaşması 200-dən çox məktəbli qızın oğurlanmasının məsuliyyətini üzərinə götürüb. Onlardan bəzilərinin Kamerun və ya Çada keçdikləri ehtimal edilir. Euronews xəbər verir ki, qrupun lideri Əbubəkər Şekau etdiyi video-müraciətdə qızların satışa çıxarılacağını bildirib.
Nigeriya prezidenti Qudlak Conatan ötən ay islamçı ekstremistlər tərəfindən oğurlandığı ehtimal edilən qızların azad edilməsi istiqamətində bütün vasitələrdən istifadə edilməsinə göstəriş verib.
Conatan baş verən hadisənin həm valideynlər, həm də bütün xalq üçün imtahan və çətin vaxt olduğunu deyib.
Lakin paytaxt Abujada bir qrup valideyn hökuməti laqeydlikdə və qızlarını xilas etmək istiqamətində ləng işləməkdə təqsirləndirib.
276 qız aprelin 15-də Borno ştatının Çibok şəhərində oğurlanıb.