Azərbaycan prezidenti Gürcüstana səfər edib

Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edib. Dövlət başçısı Tiflisə səfəri çərçivəsində bir sıra obyektlərlə tanış olub. Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binası ilə tanış olan dövlət başçısı daha sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində olub, “SOCAR-Georgia” şirkətinin inzibati binasına baş çəkib.

 

Sonra Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Tiflisdə sammit keçirilib.

 

Gürcüstan prezidenti Georgi Marqvelashvili bu sammitin siyasi və iqtisadi yükünə görə böyük əhəmiyyət daşıdığını deyib. O, “2014 Tiflis sammiti”ndə ölkəsinin həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxın əlaqələrinin olduğunu vurğulayıb.

 

Azərbaycan prezidenti İlham Əliyev isə bildirib ki, hər üç ölkə daim birgə səylər göstərir: “Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığı nəinki bu ölkələr üçün, bölgə və dünya üçün də böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığın təməlində ortaq maraqlar dayanır ”.

 

Abdulla Gül isə bəyan edib ki, Türkiyə bu tərəfdaşlıqdan və birlikdən məmnundur. O, Bakı-Tiflis-Qars dəmir yolunun təməlqoyma mərasimini xatırladaraq deyib ki, bu da ölkə başçılarının birliyinin nəticəsidir.

 

Müəllif | Apa.Tv
Apa.tv