YAP-dan münasibət: "Gülər Əhmədovanın yenidən partiyaya üzv olması..."
"Gülər Əhmədova barəsində bir qadın kimi, himayəsində azyaşlı uşağının olması və digər yüngülləşdirici hallar nəzərə alınmaqla belə bir qərar qəbul olunub". Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov sabiq millət vəkili Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirərkən deyib. “Belə bir qərarın qəbul olunması məhkəmənin səlahiyyətləri çərçivəsindədir. Ümumiyyətlə, istənilən bir insanın cəzaçəkmə müəssisəsinə göndərilməsində əsas məqsəd onun cəzalandırılması deyil, insanın islah olunmasıdır”. Gülər Əhmədovanın yenidən məmur postu tutması və ya partiya sıralarına bərpa olunması ehtimalına gəlincə baş nazirin müavini hadisələri qabaqlamamağı məsləhət gördü.
"Hesab etmirəm ki, bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ YAP-a üzv olmaqdan ibarətdir. Bir insanın YAP-ın üzvlüyündən xaric olunması da, yenidən partiya sıralarına üzv kimi bərpa olunması da hüquqi məsələdən daha çox əxlaq məsələsidir. Biz YAP olaraq məsələyə bu cür qiymət verəcəyik. Gülər Əhmədovanın yenidən YAP-a üzv olmasını indi nə o düşünür, nə də biz düşünürük”. Əli Əhmədov hesab edir ki, Gülər Əhmədovanın bəraət almaq məhkəməyə müraciət etməsı normaldır. Hər bir vətəndaşın belə hüququ var. Törədilən əmələ isə artıq hüquqi qiymət verilib.