Nazir: "Mobil operatorlar tarifləri müəyyən qədər aşağı sala bilər"
“Mobil operatorların qiymətlərinin ucuzlaşması istiqamətində onlarla yaxından söhbət etdik və bir daha yanvar ayının Kollegiyasının qərarları ilə onları tanış etdik. Artıq bu məsələdə gələcəyə çox optimist baxıram. Çünki onlar artıq ucuzlaşdırılmış vahid operatorlararası qiymət üzərində danışıqları bitiriblər”.
APA TV-nin xəbərinə görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, bundan sonra mobil operatorların tarifləri müəyyən qədər aşağı salmağa imkanı olacaq. Lakin bazar qiymətlərinə çox təzyiq etmək də olmaz. Qiymətlərin həddən artıq aşağı düşməsinin inkişafa müəyyən qədər təsir edə biləcəyini deyən Əli Abbasov internet portlarının daşınması məsələsinə də aydınlıq gətirib. Nazir deyib ki, bu prosesi bir neçə provayder həyata keçirir. Bu sahədə çətinliklər var ki, bunlardan da birincisi internet provayderlərin sayının çox olmasıdır. Ölkədə 40-dan çox provayder mövcuddur.
Qazaxıstanla dənizaltı kabel magistralının çəkilməsi ilə bağlı danışan nazir bildirib ki, bu yaxınlarda BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycanın koordinatorluğu ilə Avroasiya xüsusi rabitə alyansı yaradılıb.
Yaxın vaxtlarda Azərbaycanda rabitənin keyfiyyətinin xüsusi standartlarla yoxlanılacağını deyən Əli Abbasov onu da bildirib ki, bu yoxlama bir-iki ay çəkəcək.