Mütəxəssis açıqlaması: "Tələbələr oxuduqları ixtisası bilmir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Azərbaycan Texniki Universitetində "Kariyerada İlk Addım" devizi altında aktiv məşğulluq tədbiri keçirilib.

 

"Əmək yarmarkasında 78-i özəl sektora aid 109 müəssisə tərəfindən ümumilikdə 875 boş iş yeri tələbə və məzunlara təklif edilib. Vakansiyaların 637-si özəl müəssisələr tərəfindən təqdim olunub".

 

APA TV-nin məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli  bildirib ki, əsas məqsəd işəgötürənlə tələbələri bir araya gətirmək.

"Təbii olaraq buraya dəvət olunan müəssisələr əsasən texniki ixtisasları əhatə edən şirkətlər və müəssisələrdir. Keçən il ərzində 7 ali təhsil müəssisəsində kariyerada ilk addım tədbirini keçirmişik və həmin tədbirlərdə 2700-dən çox vakansiya təqdim olunmuşdur".

 

Tələbə və məzunlar mövcud əmək bazarı haqqında, onların ixtisaslarına olan tələbat barədə məlumat əldə edib, işəgötürənlərlə ilkin əlaqə qurublar. İşəgötürənlər tələbə və məzunlarla ünsiyyətdə olaraq, gələcəkdə işə cəlb olunacaq ixtisaslı kadrlar seçmək üçün onlardan CV-lər qəbul edilər.

 

Dövlət Neft Şirkətinin insan resursları departamentinin işçisi Könül Məmmədova bildirib ki, dövlət neft şirkəti ölkəmizin ən nüfuzlu şirkətidir. Çox vakansiyalar olur. Xeyli müraciət olunub. Təxminən 1 saat müddətində 50-100 arası tələbə müraciət edib. Daha çox istehsalat sahəsi ,texniki sahə, mühəndislik, neft-qaz emalına dair müraciətlər olur. Hələlik 400-450 maaş manat təklif edirik.

 

Mühəndis Ziya Xudiyev isə təəsüf hissi ilə bildirib ki, bir nəfər də müraciət etməyib.
 

"Bizə əsas proqramçı tələb olunur. Burada Texniki Universitetin tələbələri var, texniki  ixtisas üzrə oxuyan tələbələrdir. Məhz elə sırf o ixtisası bilmirlər. Oxuduğu ixtisası bilsəydilər biz onları dəvət edərdik. Əmək haqları 500 manatdan başlayaraq görülən işə görə dəyişir". Tədbir zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər üçün Səyyar Əmək Birjası da fəaliyyət göstərib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova