Əli Əhmədov: "Dərmanların qiyməti onların həqiqi dəyərindən bahadır"
"Azərbaycanda “İcbari tibbi sığorta haqqında” qanun qəbul olunub. Müəyyən obyektiv səbəblərlə əlaqədar bu qanun yerinə yetirilməyib”.
APA TV-nin məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib
"İcbari tibbi sığortanın tətbiqi üçün çox iş görmək lazımdır. Əhali və həkimlər həm hüquqi sənədlərin hazırlanması, həm səhiyyə müəssisələrində yeni maliyyələşdirməsi modellərinin seçilməsinə, həm səhiyyə müəssisələrinin bu modelə uyğunlaşdırılmasına hazırlanmalıdır".
Əli Əhmədov Azərbaycanda ana və uşaq ölümü faktlarına görə təəssüfləndiyini bildirib. Bu hadisələrin hər birinin ciddi şəkildə araşdırıldığı və bununla bağlı müvafiq tədbirlərin görüldüyünü deyən Əli Əhmədov əlavə edib ki, kiminsə günahı ucbatından belə hallar baş verirsə, həmin şəxs cəzasını almalıdır.
"Azərbaycanda hər bir vətəndaşın yüksək səviyyəli tibbi xidmətlə təmin olunmaq hüququ var".
Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə bağlı Səhiyyə Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi təkliflər paketinin əslində çox aktual məsələ olduğunu deyib. O təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Bu, bəzi dərman satışı ilə məşğul olanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir.