Fəttah Heydərov: "Bələdiyyələrin birləşməsi neqativ hallar ortaya çıxaracaq"

Azərbaycanda 3 mindən artıq bələdiyyə birləşmə yolu ilə 1718-ə qədər azalıb. APA TV-nin xəbərinə görə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir. Komitə sədri həmçinin bələdiyyələrə torpaq xəritələrinin verilməsində müəyyən problemlər mövcudluğunu da diqqətə çatdırıb: "Bu, icra hakimiyyətinin işi deyil və nazirlik səviyyəsində həll ediməlidir. Bizim son müzakirəmizdən sonra Ədliyyə Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müəyyən qədər sürətlərini artırıb".

 

Regional məsələlər komitəsinin sədr müavini, millət vəkili Fəttah Heydərov isə bələdiyyələrin birləşəcəyi təqdirdə ortaya çıxacaq neqativ hallardan danışıb: "Bələdiyyə sədri seçilən adam bələdiyyənin yerləşdiyi kənddən, başqa digər kəndi tamamilə rəhbəri olur. Burada sonra yerli münaqişələr, xoşagəlməyən söhbətlər çıxacaq ortaya. Hər kəndin bələdiyyəsi olsa, yaxşıdır. Bələdiyyə prinsip etibarı ilə yerli idarəetmədir. Biz çalışırıq ki, bütün sahələrdə yeni iş yerləri açaq. 21 rayondan 100-dən çox şəxs ixtisara düşür. Bunlar işsiz qalacaq axı..."

 

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında “Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanun layihələri müzakirə edilib, hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyyə olunub.

Müəllif | Apa.Tv