Orxan Zeynalovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Müstəntiqlər Yeqor Şerbakovun qətli ilə bağlı ibtidai istintaqı yekunlaşdırıblar. Orxan Zeynalovun Yeqor Şerbakovun qətlində iştirakının sübuta yetirildiyi qənaətinə gəlinib. Təqsirləndirilən şəxs Orxan Zeynalov və onun müdafiəçisi cinayət işinin materialları ilə artıq tanış olublar. Cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək. Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda ötən il oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib.
Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini etiraf edib.