Təhsil naziri: ""Qeyri-kafi" qiymət alan şagirdlər növbəti sinfə keçməyəcək"
Azərbaycanda tədris ili müasir təhsil sisteminə üstünlük verən ölkələrdən 8 həftə azdır. APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib: "8 həftə çox uzun müddətdir. Biz bu mərhələdə dərs ilinin 8 həftə uzadılmasını nəzərdə tutmuruq. Amma dərs ilinin bu qədər qısa olması şagirdin nailiyyətinə, habelə təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.
Tədris ilinin müddətinin uzadılmasının səbəblərindən danışan nazir deyib ki, dərs ili qısa olduqda eyni fənn və ya akademik proqramların tədrisinin bir günə və ya bir akademik həftəyə salınması şagirdlərin yüklənməsinə gətirib çıxarır. Nazirliyin verəcəyi qərar tədris yükünün optimallaşdırılmasına müsbət təsir göstərəcək.
Yeni tədris ilindən tətbiq olunacaq əsas dəyişiklərdən biri yeni dərs ilində akademik saatların yenidən bölgüsü ilə bağlıdır. Nazir bildirib ki, burada iki böyük mövzu xüsusi yer alıb: "Birincisi ümumilikdə akademik saatların sayına yenidən baxılması ilə bağlıdır. Tətbiq edilən yanaşmaya əsasən, burada uyğunlaşma baş verməlidir. Bu da tələbə və ali təhsil müəssisələri üçün akademik yükün azaldılmasını nəzərdə tutur. İkinci istiqamət isə ali təhsildə ixtisas fənləri ilə qeyri-ixtisas fənləri arasında akademik saatların bölgüsüdür".
Azərbaycanda Mikayıl Cabbarov deyib ki, “Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar”a əsasən, bir sıra fənlər üzrə “qeyri-kafi” qiymət alan şagirdlərin növbəti sinfə keçirilməsi məqsədəuyğun hesab edilmir.