Uşaqlarda ürək qüsurunun olmasını necə müəyyən etmək olar?

"Statistikaya görə, uşaqların 5 faizdən çoxu anadangəlmə ürək qüsuru ilə dünyaya gəlir. Bu rəqəm Azərbaycanda da yüksəkdir. Təəssüf ki, bu göstəricinin sırasında yaşı az olan körpə uşaqlar da var".

 

Bunu APA TV-yə müsahibəsində Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

 

"Ümumiyyətlə, insanların doğmalarında anomaliyaların, inkişaf qüsurlarının tezliyinə görə, uşaqlar arasında ürək qan-damar sistemi xəstəlikləri birincilik təşkil edir. İkinci yerdə böyrək və sidik çıxarıcı sistem nasazlıqları və digərləri gəlir. Azərbaycanda ürək qüsurlarına ən çox yeni doğulanlarda rast gəlinir".

 

Ürək qüsurundan əziyyət çəkən körpələrin sayının çox olduğunu deyən Nəsib Quliyevin sözlərinə görə, ürək qüsurları ağır və ya yüngül olması ilə bir-birindən seçilir və buna uyğun da aşkar olunması gec, yaxud tez olur. "Elə qüsurlar var ki, onlar çox erkən üzə çıxır. Lakin elə qüsurlar da var ki, onlara tez diaqnoz qoymaq olmur. Uşaq artıq 10 yaşına çatanda məlum olur ki, onda ürək qüsuru var. Nə zaman ki, ürək öz işinin öhdəsindən gələ bilmir, o zaman vəziyyət təhlükəli olur. Belə zamanda valideynlər daha diqqətli olmalı və uşağın inkişaf dövründə ona diqqət yetirməlidirlər".

 

Belə uşaqlar həmyaşıdlarına nisbətən süst, yorğun olan, gec inkişaf edən, dərslərini çatdırıb oxuya bilməyən, hətta az hərəkət etdiyi zaman yorulan uşaqlardır. Onlara vaxtında diqqət yetirib, həkimə göstərmək lazımdır. Fiziki gərginlik zamanı sağlam uşaqlar 5 dəqiqəyə özlərinə gəlirlərsə, ürək qüsuru olanlar uzun müddət tövşəyir, baş gicəllənmələri olur, təngnəfəslik uzun müddət davam edir. Dəridə və dırnaqlarda avazıma və göyərmə halları müşahidə olunur. Bu zaman artıq uşağın sağlamlığına şübhə yaranır. Nəsib Quliyev deyir ki, elmi araşdırmalar hələ də ürək qüsurlarının səbəbini tam aydınlaşdırmağa imkan vermir. Genetik amillər və hamiləlik zamanı qəbul olunan dərmanların buna təsir etmə ehtimalı böyükdür.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı