Azərbaycanda kredit faizləri aşağı salınır


Azərbaycanda kredit faizləri aşağı düşür. 2014-cü il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan bankları ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə milli və xarici valyutada kreditlər üzrə faiz dərəcələrini aşağı salıb. Milli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü Vahid Əhmədovun APA TV-yə dediyinə görə, Azərbaycan 46 bank fəaliyyət göstəriri ki, onların da kredit faizləri yüksəkdir. Məhz bu səbəbdən kreditlərin qaytarılmasıda bəzən ciddi problem yaranır. "Bu bankların özü üçün də çətinliklər yaradır. Statistikaya görə, Azərbaycanda qaytarılmayan kreditlərin məbləği 1 milyard manatı ötüb. Bu da ölkənin maliyyə bazarına mənfi təsir göstərir. Milli Bankda kredit faizi nə qədər aşağı olarsa bir o qədər də banklar kredit faizlərini azaldarlar. Hazırda Mərkəzi Bank kredit faizini 4,75  faizdən 4,25% faizə endirib. Bu 0,5 faiz azalmasıdır. Mərkəzləşdirlmiş kredit faizlərinin aşağı salınması  banklara da şərait yaradacaq ki, onlar da kredit faizlərini 1-2 faiz aşağı salsınlar". Mİllət vəkili qeyd edib ki, 1 yanvar 2015-cildən Azərbaycanda Bankların nizamnamə kapitalı 50 milyon manat olacaq. Bundan sonra isə ölkədə fəaliyyət göstərən kiçik banklar birləşəcək. Nəticədə kapitalı daha çox olan böyük banklar fəaliyyət göstərəcək və kredit faizləri demək olar ki, azalacaq. Azərbaycanda kreditlərin böyük hissəsi ev təsərrüfatlarına verilir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2014-cü ilin birinci rübünün yekunları üzrə ev təsərrüfatlarına 40,8 faiz və ya 6510,2 milyon manat kredit verilib. İkinci yerdə ticarət və xidmət (14,3 faiz və ya 2272,8 milyon manat kredit), üçüncü yerdə isə tikinti və daşınmaz əmlak sahəsi (13,1 faiz və ya 2095,9 milyon manat) qərarlaşıb.

Sənaye və istehsalat sektoru ölkədə real sektorun kreditləşməsinin həcminin 11,5 faizini əldə edib. Qeyd etmək lazımdır ki, 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə əlaqədar bu sektor kreditləşmənin artmış həcmini əldə edib. Nəqliyyat və rabitəyə 3,6 faiz (579,2 milyon manat), kənd təsərrüfatı və emala 4,7 faiz (741,5 milyon manat), enerji, kimya və təbii resurslar 1,8 faiz (286,9 milyon manat), qalan sahələrin payına isə 10,2 faiz və ya 1626 milyon manat kredit düşüb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı