Mariupol Rusiya tərəfdarlarından azad edilib

Ukraynanın şərqində - Mariupolda şəhər sovetinin binasının ətrafında qurulmuş barrikadalar sökülür. Fəhlələr yerə basdırılmış şinləri çıxarıb maşınlarla ərazidən daşıyırlar. Binanın ətrafında ekskavatorlar işləyir. Ərazidə milis maşınları dayanıb, silahlı milis nəfərləri vəziyyətə nəzarət edirlər. Verilən məlumata görə, bu gün səhər saatlarında şəhər sovetinin binası Rusiyameylli qruplardan azad edilib. Əməliyyat zamanı atəş səsləri eşidilməyib. Binanın üzərindən Rusiya bayrağı çıxarılıb və yerində yenidən Ukrayna bayrağı dalğalanır. Əraziyə əllərində Ukrayna bayraqları tutmuş ali məktəb tələbələri də gəliblər. Onlar da barrikadaların sökülməsinə yardım edirlər. Şəhərdə nəqliyyatın hərəkəti də bərpa edilib. Yandırılmış trolleybuslardan biri ərazidən aparılıb, digəri isə hələlik rabitə qovşağı binasının qarşısında qalır. Bütün gecəni şəhərin ayrı-ayrı istiqamətlərində şinlər yanıb və ara-sıra atəş səsləri eşidilib. Mariupolun mərkəzində, şəhər sovetinin binasının yaxınlığında təcili tibbi yardım maşınları da hazır vəziyyətdə dayanıblar. Həkim briqadalarına heç bir müraciətin olunmadığı bildirilir. 

Müəllif | Apa.Tv
Apa.tv