ƏƏSMN-nin işçiləri qan verdilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qan vermə aksiyası təşkil olunub. APA TV-nin məlumatına görə, ilk dəfə olaraq nazirliyin mərkəzi aparatında keçirilən aksiyada qurumun əməkdaşları yüksək fəallıq nümayiş etdiriblər. Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun  Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirərək, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

"Mən düşünürəm ki, hemofiliyalı və talassemiyalı uşaqların bu qana ehtiyac var. İlk dəfədir qan verirəm, amma bilirəm ki, bu qana ehtiyacı olan insanlar var".

"Mən hər il qan verirəm. Bilirəm ki, bu qana ehtiyac olan uşaqlar var. Bu qanla biz onları həyatda yaşamalarına köməklik edirik".

 Nazir müavini Natiq Məmmədov deyib ki, gün ərzində 300 əməkdaşın qan verməsi nəzərdə tutulur. Növbəti günlərdə bu aksiya qurumun yerli şöbələrində və regionlarda da həyata keçiriləcək.

"Bu saata kimi 40 nəfər könüllü olaraq qan verib. Hazırda aksiyaya Bakı, Sumqayıt və Abşeron rayonlarından əməkdaşlarımız qoşulub. Növbəti günlərdə isə rayonlarda olan idarələrdə bu aksiya davam edəcək".  

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirləri çərçivəsində ölkəmizdə  genişmiqyaslı qanvermə aksiyaları həyata keçirilir.
 

Müəllif | Apa.Tv