Bakıya 4 milyon ədəd gül gətirilib -BAYRAM HAZIRLIĞI

Bakıda keçiriləcək "Gül bayramı" ilə əlaqədar paytaxtın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA TV-yə  bildirib ki, mayın 10-da Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək "Gül bayramı"na hazırlıq işlərinin görülməsi ilə əlaqədar paytaxtın Füzuli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib. Parkda isə bayrama hazırlıq artıq başa çatmaq üzrədir. Əsasən Hollandiyadan gətirilən güllər artıq parkın müxtəlif yerlərində quraşdırılan fiqurların üzərini bəzəyir. İş icraçılarından öyrəndik ki, "Gül bayramı"nda nümayiş etdirilmək üçün paytaxta 4 milyon gül gətirilib.

 

"Hollandiyadan gətirilən güllər içərisində "Vanda" növündən olan güllər xüsusi yer tutur. Eyni zamanda ziyarətçilər kiçik həcmli "Eldar şamı" və bizim "Xarı-bülbül"ə bənzəyən bu gülləri də  görə biləcəklər. Bununla da yerli ziyarətçilər Avropada olan gül sortları ilə tanış olmaq imkanı qazanacaqlar".

 

Ötən illərdən fərqli olaraq bu il güllərin əsasən dibçəklərdə nümayiş etdirilməsi nəzərdə tutulur. Burada 8 rəngə boyanmış güllər asma tavan altında nümayiş olunacaq. Parkın bəzədilməsi Hollandiyadan gələn dizaynerlər tərəfindən həyata keçirilsə də bəzək işlərini yerli mütəxəssislər icra edirlər.

 

"Parkın bəzədilməsində Dövlət Rəssamlıq Akademiyasının tələbələri və könüllülərdən ibarət qrup iştirak edir. Onlar burada xüsusi sxem üzərində gülləri bəzəsələr də bu işin onlar üçün bir təcrübə keçdiklərini deyillər".  

 

"Gül bayramında balaca ziyarətçilər də yaddan çıxmayıb. Onlar buranı ziyarət etdikləri müddətdə məşhur cizgi filmlərinin sevimli qəhrəmanlarını görə biləcəklər. Bu personajlar içərisində "Maşa"nın maketi var ki, bu cizgi filminin qəhrəmanı balacaların ən sevimli personajıdır".    
Mayın 10 dan başlanan "Gül bayramı" 5 gün davam edəcək. Ziyarətçilər hər gün səhər 9-00-dan - 20-00-ə kimi parkı gəzə biləcəklər.

Müəllif | Apa.Tv