Bakıda “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda konfrans keçirilib

Heydər Əlievin 91 illik yubileyi münasibəti ilə Bakıda “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda konfrans keçirilib. APA TV-nin xəbərinə görə, Yeni Azərbaycan partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan xalqı Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması istiqamətindəki əməyinə həmişə böyük qiymət verib. Heydər Əliyev yeni Azərbaycan yaradılması uğrunda mübarizə aparıb və bunu cəmiyyətin yeni modelinin yaradılmasından ayrı təsəvvür etmək mümkün deyil. Partiyanın icra katibi Heydər Əliyevin mili-mənəvi dəyərlərə xüsusi önəm verdiyini də vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə çıxışında Heydər Əliyevin siyasətində, fəaliyyətində diqqət yetirilən sahələr sırasında elmin inkişafının xüsusi yeri olduğunu deyib. Onun sözlərinə görə, ötən əsrin 70-80-ci illərində Azərbaycan elminin yalnız SSRİ deyil, bütövlükdə dünya miqyasında inkişafı elmi proseslərə, çoxsaylı elmi uğurları, istehsalat sahələrinin genişlənməsinə Heydər Əliyevin elmə müstəsna xidməti nəticəsində mümkün olub. AMEA sədri əlavə edib ki, elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən Heydər Əliyev elm sahəsində mühüm işlər görülüb və respublikanın istedadlı gənclərini elm təhsil müəssisələrində təcrübə keçmək üçün SSRİ mərkəzlərinə göndərib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Heydər Əliyev demokratiyanın inkişafında plüralizm modelinin qurulmasını vacib sayıb və təsadüfi deyil ki, hazırda respublikada 50-dən çox siyasi partiya fəaliyyət göstərir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyevin qadınların cəmiyyətdə roluna xüsusi önəm verdiyini, ailələrin, uşaqların problemlərinə hər zaman həssaslıqla yanaşdığını qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Azərbaycanda təhsil və iqtisadi sahədə görülən işlərdən danışıb.

Müəllif | Apa.Tv