Şuşa şəhərinin işğalından 22 il ötür

Azərbaycanın Şuşa şəhərinin işğalından 22 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. Şəhərin intensiv artilleriya zərbələrinə tutulub, düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

 

Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz doğma yurd-yuvalarından didərgin düşüb. Əsir götürülən 68 soydaşımızın taleyi barədə bu günə qədər heç bir məlumat yoxdur.

 

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi abidələr dağıdılıb. Bu siyahıya Xan, Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar.

Azərbaycanın bu qədim şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.

 

Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalayıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv