"Azərpoçt"un rayon filialı yandı

Cəlilabadda yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən “Azərpoçt”un Cəlilabad rayon filialının inzibatı binasında qeydə alınıb. Otağın tavan hissəsi lambirdən olduğu üçün yanğın qısa zamanda geniş əraziyə yayılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların köməkliyi ilə alov vaxtından əvvəl söndürülüb. Yanğın nəticəsində xəsarət alan olmasa da, ümümi sahəsi 1445 kv metr olan binanın 140 kv metrə yaxın hissəsi yanaraq yararsız hala düşüb. Bundan əlavə poçt filialına məxsus 3 ədəd kompüter, 2 ədəd printer və digər ləvazimatlar yanıb. İlkin versiya kimi yanğının elektrik naiqllərində yaranmış qısaqapanmadan baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbi isə ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv