Şəkidə "avtoş"luq edən sürücü saxlanıldı

Şəkidə avtoxliqanlıq edən sürücü saxlanılıb. İdarə etdiyi avtomobili ilə yol hərəkəti qaydalarını pozan, insanların həyatını təhlükə altına ataraq, avtoxuliqanlıq edən Şəki sakini Sadiq Sadıqov yaxalanıb. Mirzəfətəli Axundov prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində kobud qayda pozuntusuna yol verən 28 yaşlı avtoş polis şöbəsinə gətirilib. O, işıqforun qırmızı işığına məhəl qoymayıb, avtomobillərin intensiv hərəkət etdiyi yolda ziqzaqvari hərəkətlər edib. Bu təhlükəli manevrlər ətrafdakıları təşvişə salıb. APA TV-nin xəbərinə görə, rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Müşviq Cəbrayılov, belə sürücülərə qarşı daim sərt tədbirlərin görüləcəyini bildirib. Belə halların yolverilməz olduğunu vurğulayıb: "Faktla bağlı tərəfimizdən qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilir. Belə sürücülərə qarşı mübarizəmiz kəsərlidir. İstənilən sürücüdən xahişimiz və tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər".

 

Bütün bu etdiyi əməllərlə kifayətlənməyən Sadiq Sadıqov, çəkiliş aparan televiziyamızın əməkdaşlarına və digər televiziyaların nümayəndələrinə qarşı zorakılıq hərəkətləri etmək istəyib.

 

Sadiq Sadıqovun idarə etdiyi 55-BC-293 dövlət nömrə nişanlı "VAZ"21011 markalı avtomobil cərimə meydançasına aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv