Şabranda 2 avtomobil dəmir səddə çırpıldı: 3 yaralı

Şabran rayonunda qəza olub. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Şabran rayon sakini, 32 yaşlı Taleh Zülfüqarovun idarə etdiyi “Opel” markalı avtomobil idarəetməni itirərək magistralın ortasındakı dəmir çəpərə çırpılıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi də idarəetməni itirib dəmir çəpərə dəyib. Nəticədə “Opel”-in sürücüsü Taleh Zülfüqarov və onun sərnişinləri Şabran rayon sakinləri 31 yaşlı Emin Dadaşov, həmçinin 27 yaşlı Sədiyar Yolçuyev müxtəlif dərəcəli xəsarətlər alaraq, Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qəzanın başvermə səbəbləri hələlik məlum deyil. Tibb müəssisəsindən verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalara başlanılıb.

 

Müəllif | Apa.Tv
Vəli Turan