Bakıda güclü yanğın: şagirdlər evakuasiya edildi

"Bakının Bibiheybət qəsəbəsində yanğın Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin həyətindəki məişət tullantılarının yığıldığı ərazidə baş verib”.     Bu barədə ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib. Əraziyə FHN-nin 8 yangınsöndürən maşını, texnikası və canlı qüvvəsi cəlb olunub. Təhsil kompleksinin ərazisindən çəkiliş aparılmasına  ARDNŞ-nin mühafizə xidmətinin əməkdaşları icazə verməyiblər. Nizaməddin Quliyevin sözlərinə görə, təhsil kompleksinin binasında yanğın hadisəsi qeydə alınmayıb: “Orada yanan fəhlələr tərəfindən atılan məişət və tikinti materiallarının tullantılarıdır. Orada tikinti işləri aparılır. Sadəcə güclü külək olduğundan haradansa qığılcım düşüb, bu isə tullantıların yanmasına səbəb olub”.

N. Quliyev deyib ki, ətrafdan müşahidə olunan yanan zibilliyin tüstüsüdür: “Bu isə uzaqda baxanda binanın yanması kimi görünür”. 

APA TV-nin xəbərinə görə, ARDNŞ rəsmisi bildirib ki, bununla belə, təhsil kompleksində təhsil alan bütün şagirdlər evakuasiya edilib. Xəsarət alan olmayıb.

Müəllif | Apa.Tv