Bu il 62 abituriyent ali məktəbə imtahansız qəbul olunacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-cü tədris ilində ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olmaq üçün sənəd verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibləri olan abituriyentlərin sayını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il ölkənin ali məktəblərinə müsabiqədənkənar qəbul olmaq üçün 62 nəfər sənəd verib. Ali məktəblərə müsabiqədənkənar qəbul olan 62 abituriyentin 1-i riyaziyyat fənni üzrə dünya fənn olimpiadasının, 1-i isə musiqi sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqənin, 60-ı isə idman sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların qalibidir.

 

APA TV-nin xəbərinə görə, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova