Elmar Məmmədyarov Uorlikin açıqladığı 6 elementdən danışdı

"Amerikalı həmsədr Ceyms Uorlikin səsləndirdiyi 6 prinsip yenilənmiş Madrid prinsipləridir və Azərbaycan dəfələrlə bu mövqe ilə çıxış edib".

APA TV-nin xəbərinə görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov həmsədrin Karnegi Fondunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sadaladığı 6 prinsipə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, prinsiplərdən birincisi Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasıdır ki, bundan sonra bütün məsələlər öz həllini tapa bilər. Nazir Azərbaycanın tezliklə sülh sazişi üzərində işə başlamaqla bağlı Azərbaycan tərəfinin razılıq verdiyini xatırladaraq indiki status-kvonun qəbuledilməz olduğunu bir daha vurğulayıb: "Bu həm həmsədrlər, həm Azərbaycan, ümumiyyətlə Ermənistan üçün də qəbuledilməzdir. Çünki bu ölkənin inkişafı da yoxdur, demoqrafik vəziyyəti də çox kəskindir. Ermənistan rəhbərliyi hər dəfə snayperlərdən danışır, Əgər biz ciddi olaraq sülh sazişi üzərində işimizi başlasaq, snayperlərə də ehtiyac olmayacaq. Çünki qoşunlar orada olmayacaq".

 

Nazir sülhməramlıların Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, münaqişə ilə bağlı Ermənistanla razılığa gələndən sonra sülhməramlılar olmalıdır: "Çünki inam yoxdur. Nə bizim Ermənistana, nə də Ermənistanın Azərbaycana inamı yoxdur. Qaçqınlar geri qayıtsalar, gərək onların təhlükəsizliyini təmin edək. Amma dəqiq bu məsələ həll olunmayıb. Biz ümumi şəkildə demişik ki, beynəlxalq sülhməramlı qoşunlara nail ola bilərik".

 

Nazirin sözlərinə görə, onların sayı mandatı barədə heç bir danışıqlar aparılmayıb.

 

Müəllif | Apa.Tv