Komitə sədri: "Ermənistan daha Rusiyaya lazım deyil"

“Ermənilər Şuşanı işğal altında saxlamaqla nə qazanır? Hesab etmirik ki, Rusiya Ermənistana bizdən daha yaxşı münasibət bəsləyir. Təbii sərvəti yox, beynəlxalq nüfuzu yox...”

 

APA TV-nin xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində deyib: “Azərbaycan Rusiyanın tərkibində müəyyən müddət olub. Biz bu gün xalq olaraq, Rusiya üçün daha əhəmiyyətli və daha faydalıyıq. Hesab edirəm ki, artıq Ermənistan Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir. Bütün hallarda dünya ermənilərin ikiüzlülüyündən yaltaqlığından istifadə edir. Ancaq müasir dünyada bunların artıq əhəmiyyəti qalmayıb”.

 

Əli Həsənov bildirib ki, Şuşaya müvəqqəti olaraq erməniləri yerləşdirərək Ermənistan orada doğulan uşağın xanəndə və ya başqa sahədə məşhur olacağını düşünürsə, səhv edir O havanı udmaq, orada böyümək hələ şuşalı olmaq deyil. Bunlar genetik proses və genetik məsələdir. Şuşa nəinki Azərbaycan, bütün türk dünyası və bəzi müsəlman dövlətlərini çıxmaq şərtilə, bütün müsəlman dünyası üçün müqəddəs şəhərdir.

Müəllif | Apa.Tv