Nazir: "Həmsədrlərinin budəfəki səfəri faktaraşdırıcı missiya xarakteri daşıyacaq"

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona budəfəki səfəri faktaraşdırıcı missiya xarakteri daşıyacaq".

APA TV-nin xəbərinə görə, bu barədə açıqlama verən xarici işlər naziri Elmar Məmmədyarov səfərin mayın ortalarında Ermənistana, Dağlıq Qarabağa və daha sonra Azərbaycana reallaşdırılacağını bildirib: "Onlar əsasən, Qarabağdakı vəziyyətlə tanış olmaq istəyirlər. Çünki biz Xarici İşlər Nazirliyi səviyyəsində onlara və ATƏT-in baş katibinə məktub ünvanlamışdıq. Suriyada baş verən hadisələrə görə orada yaşayan erməni vətəndaşlar işğal olunmuş torpaqlarda məskunlaşdırılırlar. Bu xoşagəlməz məlumat idi və mən xahiş etdim ki həmsədrlə faktaraşdırıcı məsələyə də toxunsunlar və Qarabağa səfər etsinlər".

 

Nazir Elmar Məmmədyarov Bakıda səfərdə olan Hondurasın xarici işlər naziri, xanım Mireya Aguero Dekoraleslə birgə mətbuat konfransı keçirib. Nazir Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfinə öz dəstəyini ifadə edərək bəyan edib ki, bu, Honduras üçün prinsip məsələsidir və beynəlxalq birlik bu işğala reaksiya verməlidir. Honduraslı nazir Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini ifadə edib.

Xatırladaq ki, Hondurasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hökumət səviyyəsində qətnamə qəbul edilib.

 

Müəllif | Apa.Tv