Şuşada böyük qəhrəmanlıq göstərmiş Albert Aqarunov təltif olunub

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, millət vəkilləri, Şuşa və Xankəndi ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər. APA TV-nin xəbərinə görə, daha sonra anım tədbiri keçirilib. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib ki, ermənilər 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal ediblər. Bu təcavüz nəticəsində on minlərlə insan şəhid olub, yaralanıb, 1 milyondan artıq Azərbaycan vətəndaşı məcburi şəkildə köçkün düşüb, işğal olunmuş maddi-mədəniyyət abidələri məhv edilib.

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında işğal olunmuş torpaqlarımız azad ediləcək, məcburi köçkünlər doğma yerlərinə qayıdacaq.

 

Şuşa şəhəri uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə şəhid Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov Dədə Qorqud Milli Fondu, Azərbaycan Dünyası Ağsaqqallar Şurasının qərarı ilə Respublika Veteranlar Şurası və Dünya Azərbaycanlıları şurası adından “Vətən övladı” ordeni ilə təltif olunub. Orden şəhid milli qəhrəmanın qardaşı Rantik Aqarunova təqdim edilib.

Müəllif | Apa.Tv