Bahar Muradova: "Ermənilər süngü ilə qarşılayacaqlar"

“Düşünürəm ki, Ceyms Uorlikin təklifləri tam mətni ifadə etməsə də, ABŞ-ın münaqişəyə yanaşmasını ortaya qoyur”. Bu fikirləri APA TV-yə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təkliflərinə münasibət bildirərkən deyib.

“Uorlikin Dağlıq Qarabağa aralıq statusunun verilməsi, bu statusun müvəqqəti olması fikirləri barədə, əlbəttə ki, Azərbaycanın da mövqeyi var və danışıqlar prosesində bunu ortaya qoyuruq. Amma ətraf rayonların Azərbaycana qaytarılması, Laçın dəhlizi barədə onun fikirləri danışıqlar prosesinin nədən ibarət olduğu haqqında ümumi təsəvvür yaratmağa imkan verir”.

Bahar Muradovanın sözlərinə görə, ATƏT-in həmsədrlərinin indiyə qədər çoxsaylı bəyanatları olsa da, konkret nəticə olmayıb.

“Ceyms Uorlikin bəzi təklifləri yəqin ki, Ermənistanda etirazla qarşılanacaq. Ermənistanda bir çox məsələlər süngü ilə qarşılanacaq və artıq qarşılanıb. Çünki Laçın dəhlizi ilə bağlı məsələlər, Azərbaycanın müstəqil və suveren hüquqlarının qorunması və ermənilər üçün təhlükəsizlik zolağı sayılan rayonların geri qaytarılması və insanların status həll olunana qədər o əraziyə qaytarılması ermənilər tərəfindən birmənalı olaraq müsbət qarşılanmır". Vitse-spiker deyib ki, onlar hər vəchlə danışıqlar prosesini uzatmaqla bunun reallaşmasına mane olurlar. 

Müəllif | Apa.Tv