18 yaşlı qızı ilan sancıb

Cəlilabadda ilansancma faktı qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə mayın 8-də günorta saatlarında rayonun Göytəpə şəhərindəki kartof sahəsində baş verib. Cəlilabad rayonunun Muğan kənd sakini, 18 yaşlı Süsanə Abıyeva özlərinə məxsus əkin sahəsində kartofu suvararkən kolların dibində yatan  ilan qəfildən  onun ayaq nahiyəsini sancıb. Əvvəlcə buna əhəmiyyət verməyən Süsanənin vəziyyəti tədricən pisləşib və yaxınları onu Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Zərəçəkmiş ilanı sahələrində görmədiyini deyib.

 

"Sahəmizdə iş görürdüm. İlanın yumurtasını gördüm, özünü görmədim. İşlədiyim yerdə nə isə ayağıma dəydi. Baxdım gördüm qanayır. Başladı ağrımağa".

 

Xəstəxanada Süsanə Abıyevaya müvafiq tibbi yardım göstərildikdən sonra onun həyatı üçün yaranmış təhlükə sovuşub. Həkim Şəmsəddin Bünyadov hazırda həkimlərin nəzarəti altında olan 18 yaşlı qızın vəziyyətinin stabil olduğu bildirilir.

"Xəstə şöbəyə gətirilmiş, ilkin yardım almışdır. İlan əleyhinə zərdab vurulacaq".

Xəstəxanadan verilən məlumata görə, bu, rayonda cari mövsümdə baş vermiş ilk ilansancma hadisəsidir.

 

Müəllif | Apa.Tv