Biləsuvarda pambıq əkininə maraq niyə azalıb?

Vaxtilə pambığı ilə məşhur olan Biləsuvarda son zamanlar bu sahəyə maraq xeyli azalıb. APA TV-nin cənub bürosunun məlumatına görə, sovetlər dönəmində rayonun pambıq becərilən əksər əkin sahələri artıq yonca əkini ilə əvəz olunur. Fermerlər digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə yoncanın daha gəlirli sahə olduğunu hesab edirlər. Belə ki, bir dəfə əkilən yoncadan il ərzində ən azı 4 dəfə məhsul götürmək olur. Bundan başqa yonca əkini pambıq kimi maya dəyərinə təsir edən geniş aqrotexniki qulluq tələb etmir. Bir dəfə əkilən bu kənd təsərrüfatı bitkisini il ərzində bir neçə dəfə suvarmaq kifayət edir. Yoncanın satışı zamanı fermerlər pambıqda olduğu kimi vaxt itkisi və müxtəlif əngəllərlə qarşılaşmırlar. Həmçinin yonca yem kimi istənilən mövsümdə maldarlıqla məşğul olanlar üçün diqqət mərkəzində olur.

 

Qeyd edək ki, bir hektar yonca sahəsindən hər bir torpaq mülkiyyətçisi orta hesabla min manata yaxın gəlir götürə bilir. Bu isə pambıqçılıqdan əldə ediləcək gəlirdən bir neçə dəfə çoxdur.

 

Müəllif | Apa.Tv