“Tour d`Azerbaidjan-2014” veloyürüşünün ikinci mərhələsinin qalibi müəyyənləşdi

“Tour d`Azerbaidjan-2014” beynəlxalq veloyürüşünün İsmayıllıda başa çatmış ikinci mərhələsinin mükafatçılarının təltif edilməsi mərasimi keçirilib. APA TV-nin məlumatına görə, idmançılara mükafatları veloyürüşün Təşkilat Komitəsinin rəhbəri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Azərbaycan veloyürüşçüsü Aleksandr Averin təqdim edib. Velosipedçilər 187 km məsafə qət ediblər. Onlar Bakıda start götürən velotur çərçivəsində 4 saatdan sonra İsmayıllıda finiş xəttinə çatıblar. Finiş xəttini birinci keçən Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoz Roqliç olub. Avstraliyalı Uilyam Klark (“Drapac Professional Cycling”) ikinci, italiyalı Rafael Andreato (“Neri Sottoli”) üçüncü nəticə göstərib. Qeyd edək ki, “Tour d`Azerbaidjan-2014” veloyürüşündə birincilik uğrunda dünyanın 22 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır. Mayın 9-da “Tour d`Azerbaidjan-2014” beynəlxalq veloyürüşünün üçüncü turu keçiriləcək. Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə keçiriləcək bu mərhələdə idmançılar 180 km məsafə qət etməlidirlər.
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov