Tovuzda kütləvi zəhərlənmə! 7 şagird zəhərləndi!

Tovuzun Vahidli kəndində zəhərlənmə hadisəsi baş verib. Tovuz Rayon Mərkəzi Xəstəxanasından APA TV-nin qərb bürosuna verilən məlumata görə, məktəbin 7 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Valideynlərin bildirdiklərinə görə, uşaqlar məktəbin yaxınlığında olan mağazadan müxtəlif dada malik suxarıları alıb yedikdən sonra onlarda ürəkbulanma və qusma halları baş verib. Dərhal xəstəxanaya çatdırılan şagirdlərə tibbi yardım göstərilib. Onlardan ikisinin - 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadənin vəziyyəti daha ağır olduğundan uşaqlara sistem köçürülüb. Tovuz Rayon  Mərkəzi Xəstəxanasının həkimi Aybəniz Dəmirovanın verdiyi məlumata görə, hazırda xəstələrin vəziyyəti normaldır. Həkim zəhərlənmənin saxlanma müddəti ötmüş suxarılar səbəbindən baş verməsi ehtimalının olduğunu bildirib.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli