Prezident İlham Əliyev II Dünya Müharibəsi veteranları ilə görüşüb

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qız cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri "Şərəf ordeni" ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə mükafatlandırılıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbbəxanasına (arsenal) çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.

1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4 faizini təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 miliyon ton neft, 22 miliyon ton benzin və başqa neft məhsulları veriblər.

Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri olub. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.

Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçdi.

 

Müəllif | Apa.Tv
Apa.tv