APA TV zirvəni fəth etdi - 3751 METR HÜNDÜRLÜKDƏN XÜSUSİ REPORTAJ

"APA TV  olaraq bir yola çıxdıq. Çətin və uzun yoldur.  Məqsədimiz 3751 metrlik bir zirvəni fəth etməkdir. Amma bu yolda bizi hansı çətinliklər gözləyir, ondan xəbərsizik".

APA Holdingdən 3 nəfərik. Bu səfəri kameranın yaddaşına Azər Nağıyev,  fotoyaddaşa Elvin köçürəcək. Səfərin sözlə təqdimatını isə mən edəcəyəm. Yürüşü Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkil edir. Yəni, ənənəvi mərasimdir.  1998-ci ildə Saridan Mursaqulovun başçılıq etdiyi Azərbaycan alpinistlərindən ibarət qrup Böyük Qafqazın Başdaq silsiləsinin "Qızıl Qaya" massivinin 3751 metr hündürlüyü olan zirvəsinə yürüş edib. Zirvəyə Heydər Əliyevin adı verilib. Və o ildən başlayaraq hər il Heydər Əliyevin doğum günü ərəfəsində "Heydər zirvəsi"nə yürüş keçirilir.  Yürüşü diqqət mərkəzində saxlayan əsas məqam isə bu maraqlı aksiyanın dövlət qurumu olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmasıdır. Kütləvi yürüş zamanı ciddi təşkilati işlər görülməsi tələb olunur. Düşərgə salmaq, yürüş marşrutunu müəyyənləşdirmək, müvafiq əraziləri və yürüş iştirakçılarını təchizatlandırmaq, ən əsası, çətin relyef və iqlim şəraitinə malik olan ərazilərdə insanların təhlükəsizliyini təmin etmək. Başqa sözlə, həyat üçün mövcud təhlükələri minimuma endirmək. Bütün təşkilati işləri reallaşdırmaq üçün nazirliyin müvafiq əmri ilə təşkilat komitəsi də yaradılıb.

 

 Zirvəyə qalxmağa hazırlaşan ilk xanım jurnalistsən dedilər. Məsuliyyətim bir qədər də artdı. Çəkiliş qrupumuz həyəcanını kimsəyə hiss elətdirməməyə çalışırdı. Amma həm də düşünürdük ki, görəsən bacaracağıqmı?  Dağlıq ərazidə hərəkət etmək üçün “Niva” markalı maşınlara əyləşdik. Sərt qayaların arası ilə gedirik.  Növbəti dayanacağımız sərhəd zastavasıdır. Sənədlərimizi yoxlayırlar və biz yolumuza davam edirik. Yox, deyəsən həyəcanım artır. Azərlə Elvindən də gizlədə bilmədim həyəcanımı.

 

"Maşınla gələcəyimiz yol bitdi. Bundan sonra neynəyəcəyik? Heç nə. Bundan sonra yolu ayaqla getməli olacağıq. Yolumuza davam".

 

Bundan sonra adına yol deyəcəyimiz heç nə yoxdur. Yəni sala  biləcəyimiz cığırların hamısı öz yolumuz olacaq. Beləcə 3 kilometr gedəndən sonra bizi ilk düşərgə gözləyir. Yüksəkliyə qalxdıqca ayaqlarımızda ağrı hiss olunur. Yol çantalarımızın ağırlığı da bir yandan çətinlik yaradır. Amma nə qədər çətin olsa da biz hava qaralmadan düşərgəyə çatmalıyıq. Yoxsa dumana düşərik, işimiz çətinləşər."Yolun bir hissəsində dumana düşmüşük. Hara gedəcəyimizi bilmirik. Hələlik işarələri axtarmaqla məşğuluq".

 

Hazırda biz dəniz səviyyəsindən 3 min metr yüksəklikdəyik. Hələ yolun nə əvvəli bilinir, nə axırı. Xeyli getməliyik". Deyəsən gəlib çatdıq. Çadırları görüb rahatladıq bir az. Bura balaca kənddir elə bil. Hərə öz işindədir. Sübh tezdən bizimlə yola düşəcək insanlar da öz çadırlarında tədarük görürlər. "Təxminən 4 saatlıq yürüşdən sonra biz düşərgəyə çatdıq. Bu gecəni burda gecələyəcəyik, sabah isə dağın zirvəsinə qalxacağıq". Düşərgədə  bizi Şahdağ Milli Parkının direktoru Arzu Mustafayev qarşıladı: "Təbrik edirəm sizi. 3 mərhələni keçib gəlmisiniz. Bu gecəni burda qalacaqsınız. Sabah isə sübh tezdən zirvəyə doğru qalxacaqsınız".

 

 Yemək vaxtıdır. Yorğunluqdan sonra yeməyə o qədər həvəsimiz yoxdur. Amma yeməmək də olmaz. Gecədir. Burda soyuq küləkli hava az qala adamın nəfəsini kəsir. Hamı çadırlara girdi. Yürüşlə bağlı məsləhətləşmək üçün. "İndi düşərgədə gecədir. Biz də yorğunuq. Odur ki, yatmaq vaxtıdır". Səhər açılmaq bilmirdi. Bir tərəfdən soyuq hava, yorğunluq, bir də öyrəşmədiyimiz hava mühiti. Bir təhər gecəni yola verdik. "Saat 6-dır.  Artıq düşərgədə hamı yuxudan oyanıb və yürüşün növbəti mərhələsi başlayır". İştirakçılara son təlimlər verilir. Bizi yolda rast gələ biləcəyimiz təhlükələr haqda xəbərdar edirlər. Və başladıq. “APA Holdinq”in bayrağını əlimdə bərk-bərk tutmuşam ağlımdasa hələ o sual dolaşır? Bacaracağıqmı?

 

Peşəkar bələdçi bizə yolun qismən asan olan hissəsi ilə aparır. Siz “ayaqlarının adamın sözünə baxmaması” sözünü eşitmisiniz, amma yəqin yaşamamısınız. Bax burda həmin vəziyyət idi."Hazırda biz yolun ən çətin hissəsindəyik. Daşlı yoldan sonra qarlı yolda yolumuza davam edirik". Yenə istirahət. Əvvəl fasilə üçün  20 dəqiqədən bir dayanırdıqsa,  indi bunu 5 dəqiqəyə qədər azaltmalı olduq. Nəfəs almaq getdikcə çətinləşir. Elvin özünü pis hiss edir. Elə operatorumuz Azərin də halı özündə deyildi. Və yenə o sual: Bacaracağıqmı? Bir tərəfdən də havasızlıq əsəblərimizi tarıma çəkib. Yorğunluğumuza bir az da əsəb gərginliyi qatılmışdı həm də.  Hətta Elvinin şəkil çəkməsi belə qıcıq yaradırdı. İndi hamımız yürüşü bir azca tez başa vurmaq istəyirdik. Bir az qorxudan, bir az da narahatlıqdan açığı. Adam gözünə inanmır. Artıq zirvənin bir addımlığındayıq. Bələdçinin yanında gedirdim deyə ilk yuxarı qalxan da mən oldum. Sonra Elvinlə Azər gəldi. Qürurverici anlar idi. Bu qədər yüksəkliyə qalxmaq. "Burda artıq nəfəs almaq da çətinləşib. Hava olduqca soyuq və küləklidir. Biz artıq dörd saatdır ki, yol gəlirik. demək olar ki, zirvəyə çatmışıq. Arxada Atatürk zirvəsi, Biz yuxarıya doğru Heydər Zirvəsinə qalxacağıq".

 

 APA TV olaraq uzun və çətin yoldan sonra nəhayət ki, Heydər zirvəsinə gəlib çatdıq. Jalə Məmmədli Azər Nağıyev Elvin Bayramlı 3751 metr yüksəklikdən APA TV üçün".

 

Müəllif | Apa.Tv