Masallıda güclü partlayış baş verib, xəsarət alanlar var

Masallıda güclü partlayış baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Təklə kənd sakini, 51 yaşlı Vilayət İbrahimova məxsus fərdi yaşayış evində qeydə alınıb. Partlayış nəticəsində ev sahibi və onun 17 yaşlı qızı Südabə İbrahimova güclü yanıq xəsarətləri alıblar. Ev sahibinin bədəninin 60 faizi, qızının isə bədəninin 25 faizi yanıb.

 

Hər iki yaralı təcili olaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib. Lakin vəziyyətləri ağırlaşdığından onların hər ikisi Bakı şəhərindəki Yanıq Mərkəzinə yola salınıb.

Xəstəxananın həkimi Faiq Əliyev yaralılara yardım göstərildiyini deyub: “Şok əleyhinə tədbirlər görülüb, ağrıkəsicilər vurulub. Yaraları sarğı olunub. Bakı şəhərinə yanıq mərkəzinə yola salınıb".

İlkin ehtimallara görə, partlayış evdə qaz sızması səbəbindən baş verib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, əməkdaşlarımız hadisə yerində çəkiliş aparmaq istəyərkən ev sahibinin oğlu tərəfindən onlara peşə fəaliyyətini yerinə yetirməyə maneçilik göstərilib.

 

Müəllif | Apa.Tv