Suraxanıda “Gənclər evi” istifadəyə verilib

Paytaxtda daha bir "Gənclər evi" istifadəyə verilib. Suraxanı rayonunda yerləşən mərkəzin açılışında Gənclər və idman naziri Azad Rəhimov, rayon İcra Hakimiyyəti başçısı və ictimaiyyət nümayəndələri iştirak ediblər. İki mərtəbədən ibarət olan mərkəzin alt qatında 52 yerlik kafe, mətbəx, video studiya, gənclər intellektual klubu, masaüstü oyunlar zalı, rəqs zalı fəaliyyət göstərir.

Mərkəzdə gənclərin idmanla məşğul olmaları üçün xüsusi trenajor zal da fəaliyyət göstərir. Burada onlar müasir idman qurğularında idmanla məşğul ola biləcəklər. Bu isə ilk növbədə gənclərimizin sağlamlığı üçün onların özünə lazımdır.

Mərkəzə gələn gənclər burada müasir avadanlıqlarla təchiz olunmuş və müxtəlif tədbirlərin keçirilməsi üçün 80 nəfərlik zal, konfrans zalı, texniki ixtiraçılıq otağı, elektron kitabxana, vətənpərvərlik klubu, peşə təhsili otağı, art studiyadan istifadə edə bilərlər.

Şahmat insanın təfəkkürünü və məntiqini formalaşdırır. Mərkəzdə yaradılan stolüstü oyunlar zalında bu idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bu isə azyaşlıların şahmatla məşğul olub, gələcəkdə peşəkar şahmatçı kimi yetişməsinə bir növ əlavə imkanlar yaradır.

Gənclər evinin üstünlüklərindən biri də burada internet sisteminin olması və gənclərin istənilən zaman bu xidmətdən yararlana bilməsidir.

 

Müəllif | Apa.Tv