Lənkəranda faşizm üzərində qələbənin ildönümü qeyd olunub

Mayın 9-da alman faşizmi üzərində tarixi qələbənin 69-cu ildönümü Lənkəran şəhərində təntənə ilə qeyd olunub. Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə şəhərin mərkəzində ucaldılmış Naməlum Əsgərin abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Bayram sevincini veteranlarla bölüşən icra başçısı Taleh Qaraşov onlara göstərilən yüksək dövlət qayğısından söz açıb, bütün lənkəranlı müharibə veteranlarına ən xoş arzularını çatdırıb.

Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önündə ümumrayon tədbiri keçirilib. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında nümayiş etdirilən ədəbi-bədii kompozisiya iştirakçılarda xoş hisslər oyadıb. Tədbirdə həmçinin məktəblilər qəhrəmanlıq, ana, Vətən mövzusunda şeirlər söyləyiblər.
 

Müəllif | Apa.Tv