Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin ərazisində istirahət parkının açılışı olub

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən təmizlənmiş keçmiş Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin ərazisində istirahət parkının açılışı olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni salınan parka gəlib, görülən işlərlə tanış olub, parkın əvvəli vəziyyətini əks etdirən fotolara baxıb.

Ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədi ilə BYZ-nin çirklənmiş istehsalat sahələrinin reabilitasiyası Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə edilib. Bu məqsədlə "Keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli maddələr, kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərinin təmizlənməsi" layihəsi işlənib hazırlanıb. Görülən mühüm tədbirlər nəticəsində bu ərazi nəinki radioaktiv tullantılardan təmizlənib, eyni zamanda ekoloji istirahət məkanına çevrilib, geniş yaşıllıq sahəsi salınıb.

Fövqəladə hallar naziri bu işlərin prezident İlham Əliyevin xüsusi tapşırıq və sərəncamı əsasında həyata keçirildiyini deyib: “Möhtərəm cənab prezidentin xüsusi tapşırıq və sərəncamına əsasən, Fövqəladə Hallar nazirliyi bu işə başladı. 2012-ci ilin may ayında və 2012-ci ilin sentyabr ayında burada olan 110 min kubmetr zərərli torpaq Pirəkəşkül qəsəbəsində xüsusi hazırlanmış yerlərə daşındı və onların daşınma prosesi də xüsusi bir proses idi”.

İstehsalat sahələrinin ərazilərinin və onların ətrafında təmizləmə işləri başa çatdıqdan sonra, bu sahələrdə monitorinq aparılıb. Monitorinqin nəticələrinə əsasən, reabilitasiya işləri yüksək səviyyədə yerinə yetirilib. Nazir bildirib ki, belə yerlər keçmişdə insanların, ətrafda yaşayan adamların səhhətinə mənfi təsir edib: “Bu kimi ərazilərin belə parklara çevrilməsi çox yaxşı haldır. Bura əvvəllər Suraxanıda zavodun ərazisinə daxil 28 hektar torpaq yeri idi. Neftçala rayonu ərazisində də müvafiq işlərin görülməsinə başlanıb. Bu yaxınlarda o iş də başa çatacaq. İstiqamətinə uyğun olaraq ekoloji təmiz bir sahə rayon əhalisinin xidmətinə veriləcək”.

Qeyd edək ki, Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin radionuklid tərkibli tullantılardan təmizlənməsi layihəsi "Ecoland" MMC tərəfindən FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət agentliyinin nəzarəti və rəhbərliyi altında həyata keçirilib.

Müəllif | Apa.Tv