Qaradağ rayonunda FHN-nə məxsus yeni inzibatı binaların açılışı olub

Bu gün Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Qaradağ rayonu ərazisindəki yeni inzibati binaların açılışı olub.


APA-nın məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları FHN-nin Aviasiya Dəstəsinin yeni qərargahının ərazisində ucaldılmış Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Kəmaləddin Heydərov FHN-nin Aviasiya Dəstəsinin yeni qərargahının açılışını bildirən rəmzi qırmızı lenti kəsib, burada Heydər Əliyevin fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stendlə, texniki və aerodinamika sinif otaqları, habelə aviaparkla tanış olub.

Sonra Kəmaləddin Heydərov və kənd təsərrüfatı naziri Heydər Əsədov FHN-nin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarəsinin Sənqəçaldakı yeni inzibati binası və elevatorunun açılışında iştirak ediblər. Kəmaləddin Heydərov ən yüksək standartlara cavab verən idarəetmə məntəqəsində də olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov həmçinin FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin yeni inzibati binası və idman zalının açılışını edib. Nazir burada yaradılmış şəraitlə tanış olub, xilasedicilər və kinoloqların təlimlərini izləyib. Partlayıcılar və əl qumbaralarının zərərsizləşdirilməsində istifadə olunacaq robotların təqdimatı da olub.

Sonra FHN Dövlət Yanğından Mühafizə Xidməti Qaradağ rayon Hissəsinin Sənqəçal qəsəbəsindəki 14 və 15 saylı bölmələrinin açılışı olub. Kəmaləddin Heydərov ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binalardakı dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub. Nazir həmçinin şəxsi heyətlə də görüşüb, müvafiq tapşırıq və tövsiyyələrini veribr. Qeyd olunub ki, bu bölmələrin istifadəyə verilməsi ilə Qaradağ rayonunda FHN Dövlət Yanğından Mühafizə Xidməti bölmələrinin sayı 6-ya çatıb.

Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə fövqəladə hallar naziri K.Heydərov bu ərazidə istifadəyə verilmiş yeni yaşayış binasında nazirliyin strukturlarının əməkdaşlarına yeni mənzillərin açarlarını da təqdim edib.

 

Müəllif | Apa.Tv
Apa.tv