Azərbaycan və Ermənistan milliləri eyni qrupa düşdü

Yunan-Roma güləşi üzrə Dünya Kubokunda Azərbaycan və Ermənistan milliləri eyni qrupda mübarizə aparacaq. APA TV-nin məlumatına görə, mayın 15-16-da İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.

 

Yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxıstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edəcək.

 

Dünya kuboku yarışlarının püşkünü Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç atıb. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaq.

 

A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxıstan komandaları qüvvələrini sınayacaq.

 

Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

 

Dünya Kubokunda ölkəmizi təmsil edəcək komandanın heyəti yaxın günlərdə açıqlanacaq.

Müəllif | Apa.Tv