“Diqqət piyada”: 37 piyada cərimələnib

Gəncədə “Diqqət piyada” aylığı davam edir. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, ötən gün şəhərdə keçirilən reyd zamanı 37 piyada cərimələnib.

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin təbliğat və təşviqat üzrə inspektoru Misir Quliyevin verdiyi məlumata görə, mayın  5-dən “Diqqət piyada” günlərinə start verilib. 4 gün müddətində 100-dən çox piyada  yolu nəzərdə tutulmayan yerdən keçdiyinə görə cərimələnib. Onlara qarşı İnzibatı Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib və 20 manat məbləğində cərimə edilərək bildiriş paylanılıb.

Misir Quliyev bildirir ki, aparılan reydlər artıq təsir göstərməyə başlayıb. Əvvəllər piyadaların əksəriyyəti istədikləri yerdən yolu keçirdisə də, reydlərdən sonra belə şəxslərin sayı azalıb. Bundan başqa, piyadalara nəzərdə tutulan yerlərdə yol verməyən sürücülər də var. Misir Quliyevin bildirdiyinə görə, reyd zamanı 30-a yaxın belə sürücü 40 manat məbləğində cərimələnib. 

Müəllif | Apa.Tv
Azər Məmmədli