Elman Rüstəmov "Bank of Azərbaycan”ın fəaliyyətində problem olduğunu təsdiqlədi

"Banklar faiz dərəcələrini aşağı salmalıdır".

APA TV-nin xəbərinə görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bunun üçün banklarda kifayət qədər imkanlar var. İstehlakçılara müxtəlif təyinatlı istehlak kreditləri çox verildiyi üçün bank hərarəti yaranıb və bunu soyutmağa ehtiyac vardı: "Biz hesab edirik ki, banklar əhali qarşısında daha açıq olmalıdır. Onlar bütün faizləri nəzərə alıb əhaliyə tam məlumat verməlidirlər ki, götürdükləri kreditin həqiqi dəyəri nədən ibarətdir".

 

Ölkədə makroiqtisadi sabitliyin hökm sürdüyünü deyən Elman Rüstəmov bildirib ki, inflyasiya tarixi olaraq ən aşağı səviyyədədir. Rübün yekunlarına görə bu, 2 faiz olub.

İpoteka strategiyasının hazır olub-olmadığına gəlincə, Elman Rüstəmov deyib ki, sənəd artıq hazırdır: "İpoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması barədə strategiya hökumət və Mərkəzi Bankın maliyyə sektoru ilə birgə geniş müzakirə olunacaq. Strategiya dəqiqləşdiriləcək təsdiq olunandan sonra reallaşdırılmasına başlanılacaq. Biz ölkədə vahid ipoteka strategiyasının olmasının tərəfdarıyıq. Biz hesab edirik ki, bunula bağlı təkliflər bu kontekstdə müzakirə olunaraq qəbul edilməlidir. Çünki, bunun son nəticəsi maliyyə məsələləridir”.

 

"Bank of Azərbaycan”ın likvidlik probleminin olduğunu da diqqətə çatdıran Elman Rüstəmov bildirib ki, hazırda bankın sahibləri və səhmdarları ilə Mərkəzi Bank arasında danışıqlar aparılır. “Kövsər bank”la bağlı suallara cavabında isə deyib ki, Mərkəzi Bank “Kövsər Bank”ın kreditləşmə proqramına baxacaq və bu proqrama məqbul sayılacaqsa, bank fəaliyyətini davam etdirəcək.

Müəllif | Apa.Tv