Bakı meri: "Müsavat Partiyasına qurultay keçirmək üçün yer veriləcək"

“Müsavat Partiyasına qurultay keçirmək üçün yer veriləcək”.

Bunu APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.  Abutalıbov bildirib ki, Müsavat Partiyasına bir neçə dəfə yer ayrılıb: “Sadəcə, onlar qurultay keçirmək istəmirlər. İstənilən vaxt onlara yer ayrılıb. Ancaq həmişə qurultayı keçirməmək üçün bəhanə tapırlar. Deyirlər, 600 nəfərlik yer ver, 650 nəfərlik yer verirəm. Sonra deyirlər, “yox, bizim 1000 nəfərlik nümayəndəmiz var”. 1000 nəfərlik yer verirsən, deyirlər, “yox 1500 nümayəndəmiz var”. Qurultay keçirmək istəyən 100 nəfərlik yerdə də keçirər. Sadəcə, insanın ürəyində gərək mələk yaşasın, şeytan yox. Nə vaxt onların ürəyində bu şeytanı mələk edəcəyəm, onlar qurultay da keçirəcək, Azərbaycan xalqına da xidmət edəcəklər. Əmin olun ki, mən bunu edəcəyəm”.

                                                                                               

Onun sözlərinə görə, 1 həftə ərzində Müsavat partiyasına 650-700 nəfərlik yer ayrılacaq: “Ancaq əmin olun ki, onlar qurultay keçirməyəcəklər”- deyə, Hacıbala Abutalıbov bildirib. 

Müəllif | Apa.Tv