Bakıda möhtəşəm Gül Bayramı: 6 milyon gül nümayiş olunur
Bu gün paytaxt Bakı "Gül Bayramı"nı qeyd edir. Dünyanın müxtəlif ölkələrindən gətirilən 6milyona yaxın gün paytaxt sakinlərinə və paytaxtın qonaqlarına nümayiş olunur.
APA TV-nin xəbərinə görə, əsasən, Hollandiyadan, Afrikadan gətirilən güllər parkın müxtəlif yerlərində quraşdırılan fiqurların üzərini bəzəyir. Güllər içərisində "Lavanda" və yerli qızılgüllər xüsusi yer tutur. Ziyarətçilər "Eldar şamı" və bizim "Xarı-bülbül"ə bənzəyən gülləri də böyük maraqla seyr ediblər. Ötən illərdən fərqli olaraq, bu il güllər əsasən, dibçəklərdə nümayiş etdirilir. Burada 8 rəngə boyanmış güllər asma tavan altında sərgilənir. Parka dizayn Hollandiyadan gələn dizaynerlər tərəfindən həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyəti başçısı hacıbala Abutaləbov isə deyir ki, hazırda parkda 6 milyona qədər gül nümayiş olunur. Bakıya gül göndərən yerli və xarici güllərin 80 faizi pulsuzdur: "Həmin firma nümayəndələrinin yalnız otel və digər xərcləri ödənilir. Xaricdən gələn güllər həmin şirkətlərin öz hesabına gəlir və nümayiş etdirilir. Gül bayramı üçün Azərbaycanın "sarı mətbuat"ında yazılan pulların heç yüzdə biri xərclənməyib. Sadəcə, həmin adamlar özlərini "sarı mətbuat"da göstərmək istəyirlər. Bu güllərdə Heydər Əliyevin sevgisi və məhəbbəti yaşayır”.
Gül bayramı uzun müddət balaca ziyarətçilərin yaddaşından çıxmayacaq. Çünki onlar özlərinin sevimli nağıl və cizgi filim qəhrəmanlarının güllərdən bəzədilmiş maketlərini daha yaxından görmək imkanı əldə ediblər.
May ayının 15-nə kimi davam edəcək Gül Bayramında ziyarətçilər müxtəlif növ gülləri seyr edə biləcəklər. Səhər saat 9:00-dan 20:00-dək park sakinlərin üzünə açıq olacaq.