Şəmkirdə güclü partlayış baş verib
APA-TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Təzəkənd kəndində fərdi yaşayış evində qeydə alınıb. Kənd sakini 45 yaşlı Qurban Abdullayev səhər saatlarında evdə işığı yandırarkən partlayış baş verib. Partlayışdan sonra ev tamamilə yararsız hala düşüb. Ev sahibi 45 yaşlı Qurban Abdullayev ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı dərhal yaxınlarının köməkliyi ilə ilkin olaraq Şəmkir Mərkəzi rayon Xəstəxanasına aparılıb. Həkimlərin ilkin tibbi yardımından sonra zərərçəkmişin vəziyyəti ağır olduğundan o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına göndərilib. Hazırda reanimasiya şöbəsində həkim nəzarətində olan Qurban Abdullayevin həyatı təhlükədədir. Onun bədənin 95-100 faizinin yandığı bildirilir.
Rayon qaz istismar sahəsinin baş mühəndisi Ələddin Hüseynovun sözlərinə görə, "hadisəyə səbəb qaz sızması deyil. Ilkin baxışdan hadisənin elektrik qısaqapanmasından baş verdiyi görünür. Hüquq-mühafizə orqanlarının araşdırmasından sonra daha dəqiq bilinəcək".
Faktla bağlı Şəmkir rayonunun hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.