Fransa prezidenti: "Bakı dünyanın ən nüfuzlu şəhərlərindən birinə çevriləcək"
Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri başlayıb. Ötən axşam Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransanın dövlət başçısı Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olublar.
Prezident İlham Əliyev fransalı həmkarı Fransua Ollandı qarşılayıb. Dövlət başçılarına liseydə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, liseyin 320 yerlik binasının tikintisi üzrə işlərin mühüm hissəsi artıq başa çatıb və qalan işlərin də bu ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulur. Liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” imzalanan sazişə əsasən qoyulub. Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaq.
Qeyd edilib ki, fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaq. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaq. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.
Sonra dövlət başçıları mərasim iştirakçıları ilə görüşüblər.
Azərbaycan prezidenti deyib ki, Fransua Ollandın Azərbaycana ilk səfərinin Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında mühüm addım olacağına, əlaqələrimizə yeni təkan verəcəyinə əmindir.
Dövlət başçısı bildirib ki, iqtisadi sahədə görüləcək işlərə yeni təkan vermək üçün bu gün biznes forum keçiriləcək: "Bildiyiniz kimi, Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Eyni zamanda, humanitar sahədə, o cümlədən təhsil sahəsində əməkdaşlıq inkişafdadır. Yüzlərlə Azərbaycan gənci hazırda Fransanın ali məktəblərində təhsil alır və bu proses davam edir. Azərbaycan təhsilin inkişafına çox böyük əhəmiyyət verir. Minlərlə Azərbaycan gənci dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində dövlət hesabına təhsil alır".
Fransa prezidenti Fransua Olland Bakı Fransız Liseyinin yaradılması üçün göstərilən səylərə görə Azərbaycan prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Fransua Olland qeyd edib ki, Azərbaycanda çoxlu fransız şirkət fəaliyyət göstərir: "Biz iqtisadiyyatınızın inkişafına töhfə vermək üçün ölkənizdə çalışan fransız şirkətlərinin sayını artırmaq istəyirik. Bu, əlbəttə ki, enerji sahəsinə də aiddir. Həmçinin təklif edəcəyiniz digər yeni sahələrdə də işləməyi arzulayırıq. Elə onlardan birini xatırlatmaq yerinə düşərdi. Bu, şəhərsalma sahəsidir. Sizin şəhəriniz Cənubi Qafqazda ən böyük əhalisi olan şəhərdir. Bu şəhərdə böyük inkişaf müşahidə olunur. Şəhər dəyişib, bu şəhər böyük liman şəhəridir, böyük sənaye şəhəridir. Bu şəhər böyüyür və dünyanın ən nüfuzlu şəhərlərindən birinə çevriləcək".
Sonda Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland Bakı Fransız liseyinin qarşısında ağac əkiblər.