Əziz Yıldırım "Fənərbağça" tərəfdarlarını təhqir etdi: "Əxlaqsızlar, tərbiyəsizlər..."
Türkiyənin futbol üzrə Superliqasının bu ilki qalibi "Fənərbağça"ya çempionluq kubokunun təqdim olunması mərasimində qalmaqal baş verib.
APA TV-nin məlumatına görə, Şükrü Saraçoğlu stadionundakı mərasimdə səhnəyə çıxan "Fənərbağça" prezidenti Əziz Yıldırım çıxışa başladıqdan bir qədər sonra azarkeşlərin bir qrupu komandanın keçmiş oyunçusu, braziliyalı Aleks de Souza lehinə şüarlar səsləndiriblər. Bu, Əziz Yıldırımı hirsləndirib və o, azarkeşləri təhqir edib: "Tərbiyəsizlik eləməyin. Bu gün burda "Fənərbağça" çempionluğunu bayram edir. Bir şəxs üzərindən deyil, bu qədər insanın əməyini bayram edir. Sizi bir də stadiona buraxmaram. Tərbiyəsizlər! Əxlaqsızlar! Pullu köpəklər! Bu qədər ağır təhqir edirəm. Artıq yetər!"
Əziz Yıldırım deyib ki, Aleks de Souzanı kluba o, gətirib və hər zaman braziliyalı futbolçunu dəstəkləyib. Lakin sonra görüb ki, legionerin kluba faydası yoxdur və uzaqlaşdırıb.
Yaranan gərginliyə baxmayaraq, "Fənərbağça" klubu çempionluq kubokunu alıb.