İmişlidə yaşayan fransız İvonna nənə: "Fransa prezidentini 10 dəfə öpdüm"

Azərbaycana səfər edən Fransa prezidenti Fransua Oland İmişlidə yaşayan fransız İvonna Botto-Şirməmmədova ilə görüşüb. Prezidentlə görüşdən çox məmnun olan İvanna nənə görüş barədə ilk olaraq, oğluna zəng edildiyini deyib. Fransa prezidentinin görüşmək istədiyini deyərək onu Bakıya çağırıblar. İvonna nənə APA TV-yə təəssüratlarını bölüşüb: "İnanmazdım ki, yanıma gələr. Mənimlə çoxlu danışdı. Düşdü, özü gəldi. Boynumu qucaqladı, üzümdən öpdü. Mən də onu öpdüm. Bəlkə 10 dəfə öpmüşəm. O da məni öpüb".

Görüş zamanı İvanna Botta Şirməmmədovanın 1991-ci ildə Fransanın keçmiş prezidenti Fransua Mitterana vətəninə qayıtmaqla bağlı ünvanladığı məktub müzakirə edilib: "Xəbəri var imiş. O məktub barədə danışdıq".

 

Prezident Fransua Oland 2011-ci ildə Fransada olan İvanna nənəni yenidən bu ölkəyə dəvət edib: "O, Fransaya getməyimi bilirmiş. Dedi ki, bir də gələrsən. Dedim, ancaq gəlsəm, gəlib sizi tapacağam".

 

O, görüşdə Fransanın Azərbaycandakı səfiri Paskal Monyenin də iştirak etdiyini, onunla təqaüd məsələsini danışdıqlarını deyib

 

86 yaşlı İvonna Botto Jak Azərbaycana 1947-ci ildə gəlin gəlib. Onun həyat yoldaşı, Sovet ordusunda döyüşən sıravi Şəmməd Şirməmmədov 1944-cü ildə faşistlərə əsir düşüb və İtaliyadakı əsir düşərgəsinə aparılıb. ABŞ ordusu İtaliyanı azad edəndə o, Fransaya qaçmağa müvəffəq olub. Fransa Azadlıq Hərəkatına qoşulan sıravi əsgər İvonna ilə tanış olub və müharibədən iki il sonra onunla ailə həyatı quraraq Azərbaycana gəlib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv