Nazir müavini" Bəzi tarixi abidələr özəlləşdiriləcək, amma..."

"Azərbaycanda bəzi tarixi abidələr özəlləşdiriləcək. Bu, daha çox yaşı olan bəzi yerli əhəmiyyətli abidələrə, evlərə və ofislərə şamil ediləcək". Bunu mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev deyib. "Ancaq bu zaman onlarla Mədəniyyət və Turizm Nazirliyi arasında müqavilə bağlanması əsas şərt olacaq. Həmin abidələr o şərtlə özəlləşdiriləcək ki, onların qorunması təmin edilsin, gələcəkdə tarixi əhəmiyyəti itməsin. İnanıram ki, bu proseslər həyata keçiriləcək və qısa zamanda bu sahədə də dönüş olacaq". Nazir müavini deyib ki, hazırda Azərbaycada 7 mindən çox abidə dövlət tərəfindən qeydə alınaraq mühafizə edilir. Təxminən 2 min abidə yeni aşkarlanıb. Ancaq bütün abidələrin qorunub saxlanmasını təmin etmək müəyyən problem yaradır. Vaqif Abdullayev Azərbaycan musiqilərinin ermənilər tərəfindən mənimsənilməsinə də diqqət çəkib. “Ermənilər Azərbaycan musiqisinə qarşı vaxtaşırı bu cür əsassız iddialar qaldırırlar. "Çırpınırdı qara dəniz" mahnısı ilə bağlı Azərbaycanın İstanbuldakı konsulluğuna arayış təqdim olunub. Düşünürəm ki, bu məsələ qısa zamanda öz həllini tapacaq". Müəllif Hüquqları Agentliyi də Türkiyənin “Sabah” qəzetində musiqisi Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyova, sözləri Əhməd Cavada məxsus “Çırpınırdı Qara dəniz” mahnısının guya erməni şairi Sayat Novaya aid olması barədə verilmiş məlumatla əlaqədar bəyanat yaymışdı.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı