Səudiyyə səfiri: "Azərbaycanda turizmin təbliğatı daha çox Avropa üçün hesablanıb"

"Azərbaycanlı zəvvarlar Səudiyyə Ərəbistanındakı müqəddəs yerlərə daha rahat gedə biləcəklər. İki ölkə arasında birbaşa hava yolunun açılması gözlənilir". Bu barədə jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri Musaid bin İbrahim əl Suleyman deyib. Onun sözlərinə görə, Ər-Riyadda keçiriləcək "Ərəb ölkələri ilə Orta Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlıq və iqtisadiyyat üzrə I forum"da bu məsələ müzakirə ediləcək. "Azərbaycan gözəl ölkədir və geniş turizm potensialı var. Birbaşa hava yolunun açılması iki ölkə arasında turizm əlaqələrinin möhkəmlənməsinə imkan yaradacaq. Azərbaycanın turizmlə bağlı hazırladığı videoçarxlar daha çox Avropa ölkələrinin maraqlarına uyğun qurulub. Əgər ərəb ölkələri üçün reklam çarxları hazırlansa, bu turizmin inkişafına köməklik edəcək". Keçiriləcək beynəlxalq forum barədə danışan səfir onun bu dövlətləri  bir araya toplayan ilk tədbir olduğunu deyib. Onun sözlərinə görə, tədbirdə iqtisadiyyat, ticarət, siyasi, investisiya və sair sahələrə dair müzakirələr aparılacaq. "Ərəb ölkələri ilə Orta Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlıq və iqtisadiyyat üzrə I forum" mayın 13-də keçiriləcək.  Forumda xarici işlər, iqtisadiyyat və maliyyə nazirləri iştirak edəcək. Sonda Ər-Riyad bəyannaməsi qəbul ediləcək. Forumun davamlı olması və gələn il Tacikistanda keçirilməsi planlaşdırılır". Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri Musaid bin İbrahim əl Suleyman iki ölkə arasında viza rejiminin sadələşdirilməsi məsələsinə toxunaraq ikiqat verginin ləğv edilməsi ilə bağlı sənədin imzalanmasının gündəmdə olduğunu diqqətə çatdırıb.

 

Müəllif | Apa.Tv