Müəllimlərin maaşları nə dərəcədə artırıla bilər?

Bakı şəhərində keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində kimlərin iştirak etməyəcəyi açıqlanıb. Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətıə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva bildirib ki, sınaq qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birlikləri rəhbərləri və sosial məzuniyyətdə olan və əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcəklər. Qiymətləndirmədə yalnız Bakı məktəblərində daimi müəllim vəzifəsində işləyən müəllimlər, analıq məzuniyyətində olan müəllimin əvəzinə müqavilə ilə işləyən müəllimlər iştirak edəcəklər. Müəllimlərə 4 variantda 80 sualdan ibarət testlər təqdim olunacaq. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Әliyev bu qiymətləndirmənin müəllimlərin sonrakı fəaliyyətinə hansı formada təsir edəcəyini də deyib. Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin ilkin mərhələdə mükafatlandırılması planlaşdırılır. "Nəzərə alın ki, bu yalnız Bakı şəhərini əhatə edir. Bakı şəhərindəki müəllimlər ölkə müəllimlərinin bir hissəsidir. Tam əhatə eləmir. Ətraflı təhlil aparıldıqdan sonra müəllimlərin əmək haqlarının nə dərəcədə artırılmasından söhbət gedə bilər". O bildirib ki, müəllim suallara cavab verə bilməyəcəyi və ya zəif cavab verə biləcəyi halda bu, onun üçün heç bir risk yaratmayacaq. Sınaq qiymətləndirmənin nəticəsi müəllimlərin səviyyəsini müəyyənləşdirmək və bunun əsasında onlar üçün inkişaf planı hazırlamaqdır. Nazirlik rəsmisi qeyd edib ki, yaxın müddətdə regionlarda çalışan müəllimlərin də sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova